Aytac Qəmbərova

Rəhbər

MOMs Azerbaijan

Hekayəni paylaş:

Bu işə necə başlamısınız, necə qərar vermisiniz?

4 il əvvəl uşağı ilə birlikdə öz dünyasını da böyüdən, analıq mərhələsində aktiv qadınlar üçün ölkəmizin qadın, uşaq inkişaf platformasını yaatdıq. 4 illik fəaliyyət sonunda biz valideynlik mərkəzi də yaratdıq. Bu mərkəzdə yaradıcı məşğələlər zamanı ora gələn uşaqlar üçün xobbi kimi öz kukla teatrımı təklif edirdim. Bu uğurlu alındıqdan sonra həyatımın ən cəsarətli addımlarından birini atdım, bunun əsasında “Dünyanı Nağıl Edək” layihəmi elan etdim.

Bu vəzifəyə yüksələnə qədər qarşılaşdığınız maneələr.

Bəzən hədsiz xəyalpərəst olmağım elə hal yaradır ki, özümə məndən başqa inanan az insan olur. Zaman-zaman bu özgüvənsilik verirdi. Və ya uşaqların xəyalpərəst deyil, əksinə, sadəcə məntiqli və iti zəka ilə böyüməsinə maraq görürdüm valideynlərdə. Bu da məni motivasiyadan salırdı. İnd çətinliklər anında böyükləri yox, xitab etdiyim uşaqların səsini dinləyirəm. Onların reaksiyaları, təəssüratlarını özümə işarə bilirəm.

Bir qadın kimi sizi ilhamlandıran məqamlar

Mənim ilk ilham qaynağım elə öz yaradılışımdır. Yəni, hər insanın həyatda bir səbəbi olduğuna inanaraq böyümüşəm. Öz həyat məqsədimi, öz ruhumun var olma səbəbini axtardıqda isə özümü nağıllar dünyasında tapmışam. Yaratmaqdan gözəl nə ola bilər bu yaşamda? Və indi yolda hansısa uşaq mənə “nağılçı xala” deyib göstərəndə bu qızlarımın xoşuna gəlir. Bu tükənməyən ilham qaynağıdır.

Qadınlara məsləhətiniz

Deyirlər ki, çirkin qadın yoxdur. Baxımsız qadın var. Mənim də öz yanaşmam var qadınlığa! İstedadsız, bacarıqsız qadın yoxdur. Özünü kəşf etməyən qadın var. Bütün qadınlara öz yaradıcı gücünün işığında olmağı arzu edirəm.