Aytəkin Əliyeva

Təsisçi

Femigrants Foundations

Hekayəni paylaş:

Bu işə necə başlamısınız, necə qərar vermisiniz?

Femigrants Foundations şirkətinin əsası 2017-ci ildə qoyulub. O zamanlar Amerikada immiqrantlara ve azlıqlara qarşı fərqli siyasi mövqe var idi. Belə bir zamanda mən də immiqrant qadın olaraq bu imici müsbət mənada dəyişmək istəyirdim. Düzü Femigrants yaradılanda ilk başda nə edeceyimi, hansı işdən başlayacağımla bağlı heç bir fikrim yoxd idi. Sadəcə onu bilirdim ki, fərqli işlər görmək və cəmiyyətdə müsbət dəyişikliklərə səbəb olmaq istəyirəm. Düşündüm ki, bu işdə təcrübəsi olanlarla danışıb, onlardan məsləhət alım. Bir neçə fərqli ideyaları müzakirə etdikdən sonra, Femigrants adı və ideayası yarandı.

Şirkəti təsis etməklə yanaşı ilk olaraq uğurlu olan immiqrant qadınlarla müsahibə etdim. Onların uğur hekayələrini vebsaytımızda və müxtəlif sosial şəbəkələrdə paylaşdım. Daha sonra immiqrantları birləşdiren bir icma qurdum, könüllülər komandası yığdım və icma üzvlərini bir araya gətirmək üçün müxtəlif uğurlu tədbirlər keçirtdim.

Bu vəzifəyə yüksələnə qədər qarşılaşdığınız maneələr.

Bir işi bilmədən və sıfır təcrübə ilə başlamaq hər zaman çətindir. Çətinlikləri, maneələri, problemləri proses boyu öyrənmiş olursan. Düzgün qərar vermək çətinləşir çünki təcrübə yoxdur. Ətrafımda mənə inanan mentorlar və dostlar olduğu üçün hər zaman məsləhət sıxıntım olmayıb. Mənim çətinliyim maddi və vaxt tərəfdən olub. Eyni zamanda iki körpə uşaq anası olmaq, paralel korporativ işdə çalışmaq, Femigrants komandasını yığmaq, onlara liderlik etmək, tədbirlər təşkil etmek kimi işlər çoxlu vaxt tələb edir. Bunları yetişdirə bilmək üçün az yatıb, çox işləməli olursan və yuxusuzluqdan bəzən fiziki olaraq çox yorulursan.

Bir qadın kimi sizi ilhamlandıran məqamlar

Mən hər zaman deyirəm ki, insanın xəyalları özündən böyük olmalıdir ki, o hədəfə çatmaq üçün gücünün limitsiz olduğunu anlasın. Məni ilhamlandıran böyük xəyallarım olub. Azərbaycanda tələbə olduğum vaxt ən böyük arzum Amerikada təhsil almaq idi. O zaman Lənkərənda yaşayırdım və mənim orda təhsil aldığım vaxtlar ümumiyyətlə bele bir şərait yox idi. Lənkəran şəhərindən yeganə xanımam ki, 4 fərqli proqramla Amerikada təhsil almışam.

Hal-hazırda məni ilhamlandıran böyük xəyallarımdır. Məncə insan xəyallarından vaz keçdiyi an həyat öz məqsədini və mənasını itirmiş olur. 

Qadınlara məsləhətiniz

Bizi komfort zonamızdan çıxmağa ruhlandıran və bizə inanan insanların dəstəyi sayəsində öz gücümüzü aşkar etmiş oluruq. Özünüzə inanın və sizə inanan, motivasiya eden insanları ətrafınızda toplayın.