Fidan NizamovaTəsisçi, psixoloq Nizamova psixoloji studio |
Bu işə necə başlamısınız, necə qərar vermisiniz? Gənc yaşlarımdan psixoloq olmağa qərar verdiyimi bildirəndə ailəm tərəfindən çox da xoş qarşılanmadı. Bu səbəbdən 8 ilə yaxın bank sahəsində çalışdım ancaq paralel olaraq da psixologiya elmini öyrənib araşdırdım. Yalnız ailə qurduqdan sonra ikinci ali təhsilimi alıb psixologiya fakültəsində oxuya bildim. Daha sonra pasiyentləri qəbul edə bilmək üçün öz ofisimi yaratdım, hal-hazırda həm sosial şəbəkələrdə maarifləndirici kontent hazırlayıram, həm seminar və təlimlərə dəvət olunuram, həm də özüm təlimlər təşkil edirəm. Bu vəzifəyə yüksələnə qədər qarşılaşdığınız maneələr. Ən böyük maneə təbii ki, ilk zamanlarda insanların bu peşəni anlamaması idi, psixologiyanı elm olaraq tanımırdılar. Digər məqam isə dəstəyin olmaması idi, bəzən “səndən psixoloq olar?” deyənlər, bəzən isə ” gecikmisən, ikinci təhsil alıb işləyə bilməzsən”” kimi sözlər insanı çox həvəsdən salırdı, lakin indi bu iradları bildirən bir çox insan psixoloji yardım etdiyim insanlardır. Bir qadın kimi sizi ilhamlandıran məqamlar Məni öz uğurlarım və ətrafdan dəstək ilhamlandırır, kimlərinsə həyatına toxuna bilmək, öz və ailəmin gələcəyi üçün çalışmaq, onların mənimlə qürur duyması – bütün bu məqamlar məni daha da motivasiya edir. Qadınlara məsləhətiniz Mənəvi güclü olun amma kişiləri əzmək üçün deyil. Uğurlu deyil, xoşbəxt olmağa çalışın. Unutmayın, övladlarınıza örnəksiniz. Onlar sizin dediklərinizlə deyil, onlara hiss etdirdiklərinizlə bu həyata davam edəcəklər. |