İlahə RəsulovaMəktəbəqədər təhsilin təşkili və planlaması sektorunun müdiri Elm və Təhsil Nazirliyi |
Bu işə necə başlamısınız, necə qərar vermisiniz? Bir-birinə yaxın, amma çox müxtəlif və rəngarəng iş həyatım olsa da, təhsil sahəsi həmişə karyeramın mərkəzində olub. Azərbaycan Dillər Universitetini bitirib, uzun illər ingilis dili müəllimi kimi çalışmışam. Daha sonra karyeramda dönüş nöqtəsi baş verir, xarici təşkilatlarda çalışaraq müxtəlif sosial layihələri idarə edir və parallel olaraq özümü inkişafla bağlı təlimlərə qatılırdım. İdarə etmə bacarıqlarını nəzəri biliklərlə zənginləşdirmək məqsədi ilə Xəzər Universitetinin Biznesin İdarə olunması üzrə ikinci maqistr təhsilini aldım. Amma hələ də sanki özümü axtarırdım. 2015-ci ildə təhsil sahəsində çalışmağa başladım və həyatda hər şeyin təməlində təhsilin olduğunu bir daha anladım. 2017-ci ildə həyatımda ikinci dönüş nöqtəsi baş verir. Uzun illər arzusunda olduğum, amma hər dəfə müxtəlif səbəblərə görə təxirə saldığım xaricdə təhsil almaq üçün çox rəqabətli Hubert H.Humphrey proqramın qalibi oldum. 2017-2018-ci ildə Təhsilin planlaması, siyasəti üzrə təhsil almaq üçün ABŞ-a yollandım. 2018-ci ildə qayıtdıqdan sonra Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən icra edilən İcma əsaslı məktəbəqədər təhsil layihəsinin rəhbəri işinə təklif aldım. Bu layihə ilə uğurlu insan, uğurlu təhsilin təməli məhz erkən uşaq, məktəbəqədər yaş dövründə başladığını anladım. Beləliklə, uzun axtarışlar, müxtəlif layihələrdə çalışandan sonra artıq hara gedəcəyimi və nə üçün məhz bu yolda olduğumu tapdım. Bu vəzifəyə yüksələnə qədər qarşılaşdığınız maneələr. Rəngarəng və müxtəlif iş həyatımda maneələrin olduğunu deməzdim. Əksinə bu illər ərzində karyera həyatıma qoyulan hər bir “kərpic” mənə növbəti illərdə lazım olurdu və onlardan bilik və təcrübəmi daha da zənginləşdirmək üçün istifadə edirdim. ABŞ-da olarkən rastlaşdığım müxtəlif yaşdakı qadınların həyat sevgisi, işləyərək təhsil alması, lider qadınlar məni formalaşmaqda olan yaş kompleksindən uzaqlaşdırdı. 2020-2022-ci ildə Corc Vaşington və ADPU təhsil siyasəti üzrə ikili diplomlu maqistr proqramında təhsil aldım və həmişəki kimi qrupda ən yaşlı tələbə mən idim. Amma bu artıq mənə kompleks yaratmırdı, əksinə gənc həmkarlarımla öz təcrübəmi bölüşdüyüm üçün xoşbəxt idim. Bir qadın kimi sizi ilhamlandıran məqamlar Mənim üçün həyatda ən motivasiya verici məqamlar bilik və təcrübəmi digərləri ilə bölüşmək, insanların həyatının müsbətə doğru dəyişməsi üçün etdiyim toxunuşlardır. İcra etdiyim bir çox sosial layihələrin hədəf qrupu olan qadınların özlərini həyatda tapması, pozitiv olması, özgüvənlərinin artması, təhsillərini davam etdirmələri, karyera yolundakı inkişafı məni qürurlandıran tərəflərdir. Qadınlara məsləhətiniz ABŞ-da olarkən təsadüfən internetdə Jay Shetty-nin bir videosuna rast gəldim. Video “Hər kəsin müxtəlif saatı var. Öz vaxtını gözlə” adlanırdı və məzmun da təxmini bundan ibarət idi ki, təhsil almaq, uzun illərdən sonra karyeranda yeni səhifə açmaq, özünü tapmaq və uğur qazanmaq heç vaxt gec deyil. Sadəcə hər kəsin bu yolu tapmasının vaxtı fərqlidi, heç vaxt gec deyil. |