Xədicə HüseynovaMarketinq üzrə baş menecer GHA Loyalty |
Bu işə necə başlamısınız, necə qərar vermisiniz? Universitet dövründə təcrübə proqramlarını saymasaq, professional karyerama marketinqlə başlamışam. Qafqaz universitetində oxuduğum zaman, eləcə də MBA zamanı mənə ən maraqlı gələn fənn məhz marketinq idi. Bundan başqa, bir çox insanlardan fərqli olaraq gizli təbliğatlar nəzərimi tez cəlb edir və marketoloqların hiylələri məni heyran edirdi. Beləliklə də özümü marketinqdə tapdım. Karyeramın müxtəlif məqamlarında başqa sahələr də diqqətimi çəkib və bəzi dövrlərdə sahəmi dəyişib daha dəqiq sahələrə yönəlmək istəmişəm. Lakin, nəticə olaraq marketinqlə davam etmişəm. Bu vəzifəyə yüksələnə qədər qarşılaşdığınız maneələr. Bu vəzifəyə yüksələnə kimi müxtəlif maneələrlə rastlaşmışam. İlk illərdə, heç kim təcrübəsi olmayan əməkdaşla işləmək istəmir. İxtisaslı kadrlar yaxşı ya pis bir iş tapıb başlayırlar. Bəxtiniz gətirmədikdə qeyri-professional komandanın arasına düşürsünüz və bəzi hallarda ruh düşkünlüyü, bəzi hallarda da deqradasiya ilə üzləşirsiniz. Mənim qarşılaşdığım maneələr müxtəlif idi, marketinqin işə götürən tərəfindən düzgün anlaşılmamasından başlayaraq büdcənin ayrılmamasına, fırıldaqçı işəgötürənlərlə hesablaşmağa qədər. Lakin həyatda hər şeyin bir səbəbi var və əsas olan geri dönməməkdir. Bir qadın kimi sizi ilhamlandıran məqamlar Bir qadın kimi məni ilhamlandıran daha çox uğurlu digər qadınlardır. Ən böyük şansım isə doğulduğum ailədir. Çünki, mənim ailəm dövrün bir çoxlarından fərqli olaraq müasir düşüncəlidir və məni o dövr üçün qeyri-adi olan bir qərarla ABŞ-a oxumağa göndərdilər. Mənim təhsil haqqımı ödəmək üçün anam bir il ödənişsiz çalışıb. O mənim üçün əsl ilham mənbəyidir. Sevimli həyat yoldaşı, müdrik ana, uğurlu karyera xanımı və möhtəşəm aşbaz 🙂 Anamdan sonra ilham məmbəyi kimi baxdığım bir çox qadınlar da var. O demək deyil ki, onlar hamısı uğurlu karyeraya sahibdilər. Amma hamısı hansısa bir sahədə çox uğurludurlar. Qadınlara məsləhətiniz Qadınlara məsləhət verə biləcəyim nöqtədə olduğumu düşünmürəm, gənc qızlarımızla aşağıdakı təcrübəmi bölüşə bilərəm. Dünya düşündüyünüzdən daha böyükdür və imkanları sonsuzdur. Özünüzü bir insana, bir şəhərə, bir ölkəyə limitləməyin. Arzulamaqdan çəkinməyin və imkanlarınızı özünüz yaradın. |