Könül HəsənovaMarketinq üzrə mütəxəssis BOLT, Tallin |
Bu işə necə başlamısınız, necə qərar vermisiniz? İqtisadiyyat universitetindən məzun olana yaxın artıq dəqiq bilirdim ki, marketinq sahəsi üzrə işləmək istəyirəm. Məzun olduqdan sonra iş axtararkən dostlarımdan biri Code Academy-də proqram məsləhətçisi vakansiyasının olduğunu bildirdi. Təbii ki, mənim axtardığım iş bu deyildi ancaq akademiya haqqında araşdırdıqda məlum oldu ki, biznes sahəsi və ümumilikdə oradakı mühit tam da mənim axtardığım yerdir. İşə qəbul olduqdan sonra satış sahəsinin incəlikləri və ona bağlı olaraq marketinq fəaliyyətləri ilə praktiki tanış oldum. Bununla bərabər təhsil də almaq qərarına gəldim və dərsə qoşulduqdan qısa müddət sonra beynəlxalq sertifikat əldə edərək elə akademiyada digital marketinq mütəxəssisi olaraq karyerama davam etdim. Bu mənim sahə üzrə ilk profesional iş təcrübəmin başladığı addım oldu. Bu vəzifəyə yüksələnə qədər qarşılaşdığınız maneələr. Yeganə maneə özümüzük. Əgər biz bir az əziyyətə qatlanıb lazım olan bilik və bacarıqları əldə etsək o zaman deyinməyə yer qalmayacaq. Mənim yanaşmama siz günlərinizi, enerjinizi bəzən fiziki və mental sağlamlığınızı belə bir işə və ya təhsilə qoyursunuzsa mütləq ki, axırda onun bəhrəsini görəcəksiniz. Bunun üçün komfort zonanızdan çıxmağa hazır olmalısınız. Yəni, hədəfə çatmaq üçün oxumaq, sahəyə uyğun təcrübəyə yiyələnmək və bunları edərkən prosesdən zövq almaq sizin özünüz üçün yaratdığınız süni maneələri dəf edəcək. Bir qadın kimi sizi ilhamlandıran məqamlar İlham mənbəyim uğur əldə etmək üçün özümlə olan yarışım və keçdiyim yoldur. Nə zaman geriyə baxsam və indiki hədəflərim, qazandıqlarım ilə müqayisə etsəm o zaman özüm özümdən ilham alıram. Çünki hər kəsin individual bir hekayəsi var və digərləri ilə özümü müqayisə edərkən daha çox ruhdan düşdüyümü gördüm. Bunu dərk etdiyim andan etibarən ilham mənbəyim elə məhz özüməm. Qadınlara məsləhətiniz Şəxsi təcrübəmə əsasən deyərdim ki, sadəcə reaktiv olmaq bəzən sizin yerinizdə addımlamağınıza səbəb olacaq. Əgər həqiqətən də yüksəlmək və inkişaf etmək istəyirsinizsə o zaman proaktiv əhval-ruhiyyəyə keçməyinizi tövsiyə edərdim. Fürsətləri daim izləyin və onları əldən verməyin. |