Yasəmən XeyirxəbərliAparıcı Maliyyə Məsləhətçisi Accuracy, Almaniya |
Bu işə necə başlamısınız, necə qərar vermisiniz? Bakalavr təhsilindən sonra Bakıda iki il müddətində maliyyə hesabatının hazırlanması və auditi üzrə çalışdıqda işimə analitikanı necə daxil edə bilərəm deyə düşünürdüm. Beləliklə, korporativ maliyyə sahəsi ilə tanış oldum və bu sahə üzrə magistratura təhsili aldım. Təhsil alarkən də karyeramı, daha dəqiq desəm, şirkət birləşmələri və satınalması zamanı hədəf şirkətin maliyyə analizi və bazar qiymətinin müəyyənləşməsi üzrə davam etmək istədiyimə qərar verdim. Bu vəzifəyə yüksələnə qədər qarşılaşdığınız maneələr. Şirkətdaxili yeganə qarşılaşdığım maneə xaricdə magistraturaya hazırlaşdığımı öyrənən müdirimin təhsilimi bitirdikdən sonra təkrar şirkətə qayıtmaq üçün motivasiya etmək əvəzinə, məni müxtəlif səbəblərlə uğursuz olacağıma inandırmağa çalışması idi. Düşünürdü ki, təqaüd qazana bilməyəcəyəm və ya imtahanlardan müvəffəqiyyətlə keçməyəcəyəm. Təbii ki, yerindəcə onunla eyni fikirdə olmadığımı bildirdim, öz hazırlığıma davam etdim və uğurlu oldum. Bununla yanaşı həm Bakıda, həm də Avropada iş axtararkən müsahibələrdə qadın olduğum üçün verilən suallar məni olduqca narahat edirdi. Ehtiyac olduqda gec saata qədər çalışa biləcəyimizə olan tərəddüd, şirkətlərin evli xanımlara potensial ana və itiriləcək işçi qüvvəsi kimi baxmağı, çox təəəssüf ki, hələ də qarşılanan hallardır. Bir qadın kimi sizi ilhamlandıran məqamlar Məni əsas ilhamlandıran sonradan qorxusuzluğa çevrilən cəsarətimdir. Yəni, bir qadın olaraq keçmişdə qarşılaşdığım çətinlikləri və bu çətinliklərin içindən keçib formalaşan daha güclü məni gördükcə bundan sonra da həyatın gətirəcəklərindən qorxmamağı, beləliklə də, öz düşüncəmlə verdiyim səhv və ya düz qərarların məsuliyyətindən qaçmamağı öyrəndim. Bir mütəxəssis olaraq isə şirkətin göstərdiyi diqqət və anlayış, bilik və bacarığıma verdiyi dəyər, inkişafıma yaratdığı şərait məni ilhamlandırır. Eyni zamanda şirkətin işçilər arasında rəqabət yaratmaqdan daha çox komanda ruhuna önəm verməsini və beləliklə də digərlərinin də təcrübələrindən yaralana bilməyi, öz təcrübələrimi də paylaşmağı çox sevirəm. Qadınlara məsləhətiniz Unutmasınlar ki, arzuladığımız həyatı ancaq öz gücümüzlə qura bilərik. Nə istədiklərini və hətta, ən əsası nə istəmədiklərini və öz doğrularını müəyyənləşdirsinlər, yeniliklərdən çəkinməsinlər. Həm iş, həm şəxsi həyatlarında bir çox istiqamətlə maraqlanıb təcrübə etmələrini tövsiyyə edirəm. Dünya dəyişir, insanlar da, maraqlar da dəyişir. Özlərini dəyişikliklərə asanlıqla uyğunlaşdıracaq şəkildə yetişdirsinlər. |