Blog / Dizayn / Qrafik Dizayn Trendləri və Alətləri

Qrafik Dizayn Trendləri və Alətləri

Qrafik Dizayn Trendləri və Alətləri

Yeni trend hər bir sahə üçün əslində yeni bir nəfəsdir. Qrafik Dizayn da bu tredlərdən özünə pay götürən sahələrdəndir. Hamımız bilirik ki, dizaynda rəng palitralarından tutmuş istifadə edilən proqramlara qədər hər bir seçim yekun nəticəyə çox təsir edir. Günümüzdə yeni alətlərin inkişafı nəticəsində yaradıcılıq ilə texnologiya bir araya gəlir və möhtəşəm qrafik dizayn nümunələri ortaya çıxır. Bu yazımızda da sizə hərkəs tərəfindən bilinən trendləri, alətləri harda və necə tətbiq edə biləcəyinizi danışacağıq.

Pastel yoxsa Canlı? Hansını seçək?

Rəng seçimi qrafik dizaynın özəyi hesab olunur. İstər pastel, istərsə də canlı rənglər olsun hər biri dizaynın əhval-ruhiyyəsini özündə əks etdirir. Qrafik Dizayn və Vizual Kommunikasiyalar tədrisi üzrə instruktorumuz Murad Əsədova görə, seçim çox vaxt kontekstdən asılıdır: “Əgər fast-food sektoru üçündürsə, parlaq, isti rəngləri seçərdim. Amma korporativ dizayn pasteldən daha çox istifadə edirsə, pastel rəngləri seçərdim,”

Qrafik Dizayn üzrə instruktorumuz Fuad Qonaqova görə müasir dövr bizdən daha çox canlı və parlaq rəngləri tələb edir ki, insanların diqqətini daha çox cəlb etsin.

Trend ənənəyə qarşıdır?

Müasirlik ilə ənənəvilik hər zaman bir-biri ilə “gizli düşmənçilik” edib. Qrafik dizayner özünü sanki hər zaman bir seçim etməliymiş kimi hiss etsə də əslində bu hər zaman belə deyil. Bu işlədiyiniz layihəyə görə dəyişən bir məqamdır.

Əgər siz trendə uyğun bir dizayn üzərində işləyirsinizsə və ya işiniz şəhərin hansısa bir yerində illərlə nümayiş etdiriləcəkdirsə, daha ənənəvi bir dizaynı seçə bilərsiniz.

“Düşünürəm ki, trendə uyğun bir şey seçmək daha vacibdir, çünki hər şey daim dəyişir. Ənənəvi dizaynlar çox istifadə olunarsa, insanlar yorula bilər. Bu səbəbdən trendə uyğun işləmək vacibdir.” deyə Fuad müəllim vurğulayır.

Serif yoxsa Sans-Serif: Böyük Şrift Debatı

Şriflər qrafik dizaynın daha vacib məqamlarından biri hesab olunur. Düzgün seçilməyən font sonda ən gözəl dizayn layihəsini belə maraqsız, cansız hala gətirə bilər. Üstəlik şriftlər sizin ötürdüyünüz mesajı da özündə əks etdirməlidir. Bəs bir az da dərinə getsək hansı şriftləri üstün tutmalıyıq?

“Estetik baxımdan mən Serif şriftlərini üstün tuturam. Maraqlananlar arasında serif şriftlərdəki ‘G’ hərfinə vurğun olan bir çox dizayner olduğunu bilənlər də var.” olaraq Murad müəllim qeyd etsə də, Fuad Qonaqov fərqli bir seçim edərək Sans-serif şriflərin müasir görünüşünü daha çox bəyənir.

Mən daha çox Sans-Serif şriftlərdən istifadə edirəm, çünki onlar daha müasir, oxunaqlıdır və insanların başa düşməsi üçün daha rahatdır.”

Yəni, əsas məsələ hansı şrifti seçmək deyil, onları uyğun konteksdə istifadə etməkdir. Bu halda qrafik dizayn işinizin xarakteri daha da ortaya çıxacaqdır.

Cinema 4D yoxsa Blender:

Hər iki alət dizaynerlərin tez-tez müzakirə etdiyi iki məşhur 3D modelləşdirmə və animasiya texnologiyalarıdır. Baxmayaraq ki, Cinema 4D funksionallıq baxımından Blender-dan çox da fərqlənmir, sahəyə yeni addımlamağa başlayan qrafik dizayner hansı biri ilə başlasa o daha rahat və yaxşı olacaq.

Tərəfini seç: Flat yoxsa 3D Dizayn?

Həm Flat, həm də 3D dizaynın özünəməxsus xüsusiyyətləri və üstünlükləri var. Qrafik Dizayn üzrə instruktorlarımız bu barədə həmfikirdirlər.

Flat dizaynın uyğun istifadələri var. Minimalist, qısa və özünə güvənən bir dizayn yaratmaq istəyirsinizsə, yəqin ki, flat dizaynı seçəcəksiniz.”

Bəs 3D dizayn seçmək istəyənlər necə? Fuad Qonaqov 3D dizaynın brendinqdə həddindən artıq istifadəsi ilə bağlı vacib bir məqama toxunur. “Brendinqdə flat dizayn daha yaxşı işləyir. 3D formalarının brendinqdə istifadəsi problemi ondadır ki, onlar çox detallı ola bilərlər və həmişə düzgün tətbiq olunmur.”

Qrafik dizayner üslubları seçərkən layihənin məqsədini və konteksti mütləq nəzərə almalıdır. Layihəyə dərinlik və dinamika qatmaq üçün 3D dizayn, daha sadə bir üslubla getmək üçün isə Flat dizayn doğru seçim olar.

Adobe Illustrator yoxsa Adobe Photoshop: Əsrin sualı

Adobe ailəsinin ən çox istifadə olunan alətləri arasında seçim etmək əlbəttə ki, bir qrafik dizayner üçün asan deyil ancaq mümkündür. Baxır harda, necə və niyə.

“Photoshop gündəlik həyatda posterlər, postlar və digər təlimat xarakterli qrafiklər üçün daha çox istifadə olunur. Brendinqdən söhbət gedirsə, Illustrator daha çox istifadə olunur. Bütün manipulyasiyalar və raster qrafiklər üçün Photoshop liderdir.” Qrafik Dizayn üzrə instruktorumuz Fuad Qonaqov qeyd edir.

Murad müəllim də bu fikri dəstəkləyərək bildirir ki “Photoshop loqoların səthlərə yerləşdirilməsi və sosial media posterlərinin hazırlanması üçün vacibdir, lakin Illustrator ikonların və ya kiçik çap materiallarının, məsələn, flayerlərin və bukletlərin yaradılması üçün daha uyğundur.”

Qrafik dizayn sahəsində bəzi qərarlar kiçik kimi görünsə də əslində böyük əhəmiyyət daşıyır. Layihənizin məqsədini, hədəf auditoriyasını müəyyən etdikdən sonra qrafik dizayn dünyasında seçəcəyiniz istiqamət üçün hər növ alət və üslub mövcuddur.

İnstruktorlarımızın fikrlərinə və məsləhətlərinə qulaq versəniz, qrafik dizayn sahəsində uğur qazanmaq üçün trendləri izləməli, xəbərdar olmalı, çevik davranmalı, kreativ yanaşmanı itirməməli və daima yeni ideyalar və işlər yaratmağa həvəsli olmalısınız.

Qrafik Dizayn və Vizual Kommunikasiyalar

Dizayn istənilən mesajı vizuallar vasitəsilə ötürməkdir. Qrafik Dizayn və Vizual Kommunikasiyalar tədris proqramının sonunda yaradıcılığın daha da inkişaf edəcək, vizuallarla danışmaq sənə asan gələcək.

Növbəti qrup: 19 Oktyabr 2024

Bənzər yazılar