Fidan Hüseynova

Layihə Meneceri, Scrum Master

Opinov8

Hekayəni paylaş:

Bu işə necə başlamısınız, necə qərar vermisiniz?

Mürəkkəb məsələləri sadələşdirmək mənim ən güclü bacarıqlarımdan biridir. Bu bacarığımı kəşf etmək mənə aid peşəni tapmağa kömək oldu. İşimin bir ixtisasdan çox, xarakterimin bir parçası olduğunu anlayanda artıq hər şey mənə daha əyləncəli və rəngli görünməyə başladı. Gününü planlayan, təcrübədən və səhvlərindən öyrənən, baş verən dəyişiklikləri problemə çevirməyi bir kənara qoyub daim həll yolu axtaran biri olaraq özümü başqa işlə məşğul olarkən təsəvvür edə bilmirdim.

Layihə meneceri olmazdan əvvəl dəfələrlə sahəmi dəyişərək özümü fərqli işlərdə sınamışam. Kim olduğumu bilmirdim, amma kim olmaq istəmədiyimi anlamaq üçün müxtəlif fürsətlər yaratdım.

Bu vəzifəyə yüksələnə qədər qarşılaşdığınız maneələr.

İlkin olaraq, daxilimdə bu sahəyə lazımi bacarıqlarımın olduğunu bilsəm də, yetəri qədər formal biliyə sahib deyildim. Ona görə də, xüsusilə pandemiya dövründəki ani dəyişikliyin yaranmasından istifadə edərək maksimum öz üzərimdə çalışdım.

Sahənin trendlərindən xəbərsiz olmağım ikinci ən böyük maneə idi. Bu problemi həll etmək üçün LinkedIn-dən istifadə edərək real təcrübəsi olanlarla birbaşa ünsiyyətə keçdim.

Bir qadın kimi sizi ilhamlandıran məqamlar

Bir qadın kimi məni ilhamlandıran və işimdə mənə davamlılıq gətirən birinci səbəb liderlik etməkdən zövq almaqdır. İnsanların vahid bir məqsədə çatmalarına yardım etmək mənə xüsusi həyəcan verir. Əlavə olaraq, həyat boyu maksimum potensial axtarışında olan bir xarakterə sahib olaraq öz sərhədlərimi zorlamaq mənim üçün əvəzedilməzdir. Dolaşıq problemləri həll etmək və ya həllini asanlaşdırmaq məni öz potensialımı kəşf etmə yolumda ilhamlandırır.

Qadınlara məsləhətiniz

Hər uğurlu qadının arxasında özü var. Öz gücünüzə, hekayənizə və əldə edə biləcəyiniz nəaliyyətlərə hər kəsdən çox siz inanın. Çünki uğura gedən bu yolda sizi ən yaxşı elə siz tanıyırsınız.