Lalə Əzizli

İnnovativ Məhsulların İnkişafı üzrə sahə rəhbəri

PAŞA Bank

Hekayəni paylaş:

Bu işə necə başlamısınız, necə qərar vermisiniz?

Əslində uşaqlıqdan hər şeyi bilmək istəyən, hər şeylə maraqlanan və yeni nələrsə çəkib-düzəldən biri olmuşam. Professional fəaliyyətimə bankda ön ofisdə müştəri meneceri kimi başlamışdım. Müştəri meneceri kimi əsas işim bankın məhsul və xidmətlərini müştərilərə satmaq idi. Həmişə məhsulu təkcə satmaq yox, onu necə inkişaf etdirmək olar, necə daha rahat etmək olar barəsində fikirləşirdim və boş vaxtım olan kimi yeni tədbiqləri, məhsulları test edirdim. Bütün bu maraq və həvəs məni PAŞA Bankda rəqəmsal məhsullar “dünyasına” qovuşdurdu. Artıq 6 ildir ki, həmin rəqəmsal “dünyada” xoşbəxt yaşayıram.

Bu vəzifəyə yüksələnə qədər qarşılaşdığınız maneələr.

Maneələr olmayıb, daha çox öhdəsindən gəlməli olduğum işlər və özümdə etməli olduğum dəyişikliklər olub. İş və şəxsi həyat arasında balansı yaratmaq, stresli vəziyyətlərdə emosiyaları söndürüb beyni 200% işlətmək kimi məqamlar enerji və vaxt tələb edib. Əsas irəlidə işıq olsun, maneələri də aşarıq, zirvələrə də qalxarıq 🚀

Bir qadın kimi sizi ilhamlandıran məqamlar

İstedadlı insanlar, texnoloji yeniliklər və incəsənət əsas ilham mənbələrimdir. Bu üçlü mənim üçün inkişafın əsas aparıcı qüvvəsidir. İstedadlı insanlarla hansısa mövzunu müzakirə etməyi, kiçik “beyin fırtınaları” etməyi çox sevirəm. Həmişə məni yeni nələrisə yoxlamağa “itələyən” dostlarımın olmağına görə şanslıyam. İncəsənət isə limitsizdir. Orada özünüzü yarada, itirə və tapa bilərsiniz.

Qadınlara məsləhətiniz

Özünüzü hərtərəfli inkişaf etdirin və özünüzün ən yaxşı variantı olmağa çalışın.

Bilik və bacarıqlarınızı, sosial və professional statusunuzu istifadə etməklə digərlərinə dəstək olmağa və kömək etməyə çalışın.

Fiziki, mental və emosional sağlamlığınızın qayğısına qalın – Sizdən birdənədir ❤️